ATİAHİ Respublika Komitəsində görüş keçirilib
Aprelin 18-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsində ölkəmizdə səfərdə olan Qazaxıstan Həmkarlar İttifaqları Federasiyasının sədr müavini, Qazaxıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri Aygül Mukaşevanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə qonaqları salamlayan ATİAHİ Respublika Komitəsi sədrinin birinci müavini Hümbət Nağıyev Azərbaycanda təhsil sahəsində həyata keçirilən işlərdən danışıb. Qeyd edib ki, ölkəmizdə bu sahənin inkişaf etdirilməsi prioritet istiqamətlərdən birini təşkil edir. Hər il təhsil sahəsində işləyən insanların sosial rifah halının yüksəldilməsi məqsədilə mühüm işlər görülür: “Demək olar ki, hər il təhsil sahəsində çalışan insanların əmək haqları artırılır. Bu ilin yanvar ayının 1-dən Azərbaycanda təhsil sahəsində işləyənlərin əməkhaqları 20 faiz artırılıb ki, bu da təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı atılan addımlardan biridir”.
Artıq iki ildən artıqdır ki davam edən COVID-19 pandemiyasının təhsil sahəsinə təsirlərindən danışan H.Nağıyev həmçinin 44 günlük Vətən Müharibəsi və onun nəticələri ilə bağlı da qonaqları məlumatlandırıb. Bildirib ki, 30 ilə yaxın işğal altında qalan 20 faiz torpaqları azad etmək məqsədi ilə 2020-ci ilin 27 sentyabr tarixində Azərbaycan xalqı Vətən müharibəsinə qalxdı və 44 gün ərzində ərazi bütövlüyünü bərpa etdi: “100-ə yaxın dinc sakin həlak oldu. Onların arasında təhsil işçiləri və onların ailə üzvləri də var idi. Həmçinin 800-ə yaxın təhsil işçisi də döyüşlərdə iştirak etdi. Onlardan 21 nəfəri həlak oldu. Təşkilatımız bu müharibədən ziyan çəkən, ailə üzvlərini itirən təhsil işçilərinə, həlak olan təhsil işçilərinin ailə üzvlərinə, yaxınlarına humanitar yardımlar etdi, yaralıların müalicəsi üçün zəruri tədbirlər gördü”. 
Sonra sədrin birinci müavini ATİAHİ Respublika Komitəsinin beynəlxalq əlaqələrindən danışaraq Qazaxıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ilə mövcud əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib. 
Səmimi qəbula görə təşəkkürünü bildirən Qazaxıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri Aygül Mukaşeva rəhbərlik etdiyi təşkilatın gördüyü işlərdən danışıb. Sonra iki təşkilat arasındakı gələcək əməkdaşlıq əlaqələri müzakirə edilib. 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo