Naxçıvan Dövlət Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş bədii yaradıcılıq festivalının birinci mərhələsi keçirilib
Naxçıvan Dövlət Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş bədii yaradıcılıq festivalının birinci mərhələsi keçirilib. Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin Rəyasət Heyətinin qərarı ilə ali, orta və ilk peşə ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən festival milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörməti inkişaf etdirmək məqsədi daşıyır. Bu məqədlə Naxçıvan Dövlət Universitetində keçirilən tədbirdə universitetin rektoru Elbrus İsayev tədbirdə çıxış edərək qonaqları salamlayıb ədəbiyyat və incəsətin birgə vəhdətindən ərsəyə gələn tədbiri yüksək qiymətləndirib. Qeyd edilib ki, İncəsənət fakültəsindən fərqli olaraq bu günkü tədbirdə digər ixtisaslarda təhsil alan tələbələr iştirak edirlər. Rektor bədii yaradıcılıqların qiymətləndirilməsi baxımından tədbirin xüsusi əhəmiyyətə malik olduğunu bildirib. Elbrus İsayev universitetin professor-müəllim heyəti və tələbələri üçün gözəl xatirələrlə yadda qalacaq görüşdən hər kəsin faydalanacağı barədə öz təklif və tövsiyyəlırini çatdırıb.
Tədbirdə onlarla istedadlı tələbə şeir, musiqi, bədii qiraət və rəsm üzrə öz bacarıqlarını nümayiş etdiriblər. İstedadlı tələbələrin müəyyən edilməsi Münsiflər heyətinin sədri Azərbaycan Milli Konservatoriyasının müəllimi, Azərbaycan Respublikasının xalq artisti Mübariz Tağıyev, münsiflər heyətinin üzvləri Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, Azərbaycan Respublikasının xalq artisti Təranə Muradova, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Azərbaycan Respublikasının xalq artisti Samir Cəfərov, Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin baş məsləhətçisi Maral Salmanova tərəfindən həyata keçirilib.
Müsabiqənin sonunda münsiflər heyəti öz təklif və tövsiyyələrini verdikdən sonra tələbələrə uğurlar arzulayıblar. Qeyd edək ki, festival qaliblərinin yekun konserti may ayında keçiriləcək. Qaliblər Təhsil Nazirliyi və ATİAHİ-nin diplom və hədiyyələri ilə mükafatlandırılacaq.
Görüşdən sonra qonaqlar universitetin ərazisini gəzib, mövcud fakültələrlə tanış olublar. İncəsənət fakültəsinin sərgi salonunda müəllim və tələbələrin əl işlərindən ibarət sərgiyə baxış olub.
Sonra ali təhsil ocağının Magistratura mərkəzində Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Baba Vəziroğlu ilə görüş olub. Rektor nasir, şair, tərcüməçi, kinodramaturq 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Baba Vəziroğlu haqda danışıb. Bu günkü görüşün hər kəs üçün xoş təəssürat oyadağına əminlik ifadə olunub. Görkəmli şairin sözlərinə bəstələnən mahnıların olduğu albomunu rektora hədiyyə edib.
Tədbir diskussiya formatında davam etdirilib. Müəllim və tələbələr  Baba Vəziroğluna müxtəlif istiqamətlərdə maraqlı suallar ünvanlayıblar. Şairin öz şeirlərini bədii qiraət etməsini iştirakçılar həvəslə dinləyiblər. Həmçinin tədbirdə qonaqlar tərəfindən şairə kitab və hədiyyələr təqdim edilib.
Azərbaycan Milli Konservatoriyasının müəllimi, Azərbaycan Respublikasının xalq artisti Mübariz Tağıyev, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, Azərbaycan Respublikasının xalq artisti Təranə Muradova İncəsənət ixtisaslarında təhsil alan tələbələrlə görüşüblər. Tədbirdə tələbələrin musiqi bacarıqları, gənclərin retro musiqisinə olan marağı  qiymətləndirilib. Xalq artisti tələbələr üçün gözəl ifalar da səsləndirib. Milli rəqslərimiz və yallılar haqda danışan dünya ölkələrində Azərbaycan incəsənətini və mədəniyyətini özünəməxsus ustalıqla və incəliklə təmsil edən Təranə Muradova tələbələrə milli geyimlərimiz barədə danışıb. Vurğulanıb ki, milli rəqslərimiz həm də milli geyimlərimizin təbliği baxımından da müsbət qiymətləndirilməlidir. Yallı rəqsinin qədim tarixə malik olduğunu qeyd edən Xalq artisti tələbələr üçün milli rəqslərimizdən nümunələr göstərib.
Tədbir hər kəs üçün xoş xatirələrlə yadda qalıb.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo